- Ana səhifə
- Cüdo haqqında
- Cüdo Dəyərləri
CƏSARƏT
CƏSARƏT
Əsrlər boyu filosoflar və zəka sahibləri cəsarət haqda dolğun anlayış əldə etməyə çalışmışlar və nəticədə konsensus təşkil edən iki aspekt ortaya çıxıb: fiziki cəsarət və mənəvi cəsarət. Fiziki cəsarət mahiyyətcə fiziki xarakterli olan ağrını, çətinliyi, hətta ölümü və ya ölüm təhlükəsini qarşılamaq bacarığımızı, mənəvi cəsarət isə çoxluğun əks mövqeyi, utanc, qalmaqal, ruh düşkünlüyü və ya şəxsi itki ilə qarşılaşdıqda ədalətlə hərəkət etmək bacarığımızı bildirir.
Hansı anlayış nəzərə alınırsa-alınsın, cəsarətli olmaq üçün qətiyyət, xarakterin gücü, əxlaq, enerji, özünəinam, mərdlik və güc tələb olunur. Cəsarətdən danışmaq həm də təhlükənin mövcud olduğunu və çətin vəziyyətlərlə üzləşməli olacağınızı bildirir. Cəsarətli olmaq qorxuya qalib gəlmək üçün ona qarşı müqavimət tələb edir. Təhlükəni qarşılamaq, onun xarakteri necə olursa-olsun, təhlükəni qiymətləndirmək bacarığını tələb edir. Eyni zamanda həm fiziki, həm də zehni “döyüş” ilə məşğul olmaq bu baxımdan önəmlidir. Bu o demək deyil ki, qalib gələcəyinizə zəmanət olmalıdır. Əksinə, siz özünüzü yaxşı tanımağı, lazım gələrsə, öz imkanlarınızın və qorxularınızın hüdudlarını aşmağı bacarmağı öyrənməlisiniz.
Cəsarətin əksi qorxaqlıqdır. Məsələn, Platon üçün, cəsarət və mətanət tədbirlilik, təmkinlilik və ədalət ilə birlikdə dörd əsas fəzilətdən biridir. “Cəsarət olmadan heç bir fəziləti ardıcıllıqla tətbiq edə bilmərik. Onsuz biz nəzakətli, dürüst, mərhəmətli, səxavətli və ya ləyaqətli ola bilmərik”, – deyə amerikalı şair, müğənni, memuarist və vətəndaş hüquqları müdafiəçisi Maya Encelu söyləmişdir. Cəsarətlə hərəkət etmək düşüncəli döyüşkənlik nümayiş etdirmək deməkdir. Buna görə də cəsarətin cüdonun ayrılmaz dəyərlərindən biri olması təəccüblü deyil. Kano demişdir ki, başqalarını və ətrafdakı mühiti diqqətlə müşahidə etdiyiniz zaman özünüzü, eləcə də öz vəziyyətinizi diqqətlə müşahidə etməyiniz vacibdir. Bundan sonra qətiyyətlə hərəkət etməyin vaxtıdır. İdeal halda, cəsarət nə sadəcə qorxuya soyuqqanlı nəzarət, nə də duyğuları inkar etməkdir.
Cəsarətiniz sizə yaxşı cüdoçu olmağınıza, həm də ən məhrəmanə qorxularınızla qarşılaşıb üz-üzə gəlməyinizə və düzgün hərəkət etməyinizə kömək edəcək. Bir sözlə, o sizi cəsarət yoluna yönəldəcək!