Tarix
CÜDONUN YARANMASI
Cüdo bütün dünyada populyar olan döyüş sənəti idmanıdır. Başlanğıcı yaponların qədim güləş növü olan sumoya söykənən, cui-citsu döyüş təliminin əsasında formalaşan cüdonun yaranma tarixi 1882-ci ilə təsadüf edir. Məhz bu ildə Ciqoro Kano (1860-1938) cüdonun əsas qaydalarının, məşq prinsiplərinin, mübarizə üsullarının təməlini qoyan məktəb açıb. O zamanlar milli yapon döyüş növü olan ciu-citsu bütün dünyada geniş yayılmışdı. Lakin bu idman növü üzrə məşğələlər, yarışlar ciddi zədələrlə müşayiət olunurdu. Üstəlik müəyyən hadisələrin təsiri alında bir qədər sonra ciu-citsu düşməni öldürmək hədəfi və qəddarlıqla assosiasiya olunmağa başlayıb. O zaman Yaponiya məktəblərindən birində müəllim işləyən Ciqoro Kano düşünüb ki, gənclər üçün xəsarətləri minimuma endirəcək yeni, faydalı döyüş idman növünə ehtiyac var. Gənc yapon Tokio İmperator Universitetində ciu-citsunun sirlərinə yiyələnməyə başlayıb və bacarıqlı mentorların sayəsində çox qısa müddətdə böyük uğur qazanmağı bacarıb. Beləcə universitetin həkimi Ervin Belsin də iştirakı ilə ciu-citsudakı çıxıqlara və sınıqlara səbəb olan təhlükəli fəndləri çıxmaqla, habelə ən yaxşı texnikalarını sistemləşdirilməklə cüdo yaranıb. Təsadüfi deyil ki, yaponca "CÜ" çevik, elastik, yumşaq, "DO" isə yol deməkdir.
İLK CÜDO MƏKTƏBİ “KODOKAN”
Cəmi 21 yaşında Kano özündə aqressiya deyil, mənəvi dəyərlər daşıyan, yapon ənənələrini və müasirliyi birləşdirən yeni idman döyüş sənəti yaratmağa müvəffəq olub. Cüdonun sirlərini öyrətmək və yaymaq üçün o, 1882-ci ilin mayında Budda məbədində "Kodokan" məktəbini təsis edib. “Kodokan” bu günədək dünyanın ən böyük beynəlxalq cüdo mərkəzi olaraq qalır. Geniş kütləni qısa zamanda cüdoya cəlb etmək üçün Kano müxtəlif üsullardan istifadə edib. Bunlardan ən arqumentlisi odur ki, cüdo fəndlərinin köməyi ilə hər kəs fiziki cəhətdən özündən daha güclü adama asanlıqla qalib gələ bilər. Beləcə “Kodokan”a gələnlərin sayı sürətlə artmağa başlayıb. Kanonun istedadlı tələbələrinin ciu-citsu və digər məktəblərin yetirmələri ilə təşkil olunan yarışlarda ardıcıl qələbələr qazanması cüdonun reputasiyasını daha da yüksəyə qaldırıb. Sıra gəlib cüdonu dünyada populyarlaşdırmağa! Kano bu məqsədlə tələbələri ilə Avropa və Amerikaya səyahətə çıxıb. O, getiyi bir çox ölkədə cüdonun üstünlüyünü göstərərək, “Kodokan” məktəbinin filialını açmağa müvəffəq olub. Gəncləri bu idman növünə təşviq etmək üçün cüdo ilə məşğul olanlara təqaüd belə verilirdi.
CÜDONUN KÜTLƏVİLƏŞMƏSİ
Ciqoro Kanonun qlobal səyləri nəticəsində XX əsrin əvvələrində cüdo Asiya qitəsinin hüdudlarını aşaraq, Fransa, İngiltərə, Braziliya, Belçika, Hollandiya, İspaniya kimi inkişaf etmiş ölkələrdə geniş yayılmağa başlayıb və qısa zamanda geniş şöhrət qazanıb. Cüdonun kütləviləşməsində göstərdiyi bu fövqəladə bacarığına və xidmətlərinə görə Kano Yaponiyada Olimpiya Komitəsinin ilk prezidenti, habelə Beynəlxalq Olimpiya Komitəsinin üzvü seçilib.
Beynəlxalq Cüdo Federasiyası 1951-ci ildə, Avropa Cüdo Birliyi isə 1952-ci ildə yaradılıb. 1956-cı ildə Tokioda ilk dünya çempionatı keçirilib, 2 il sonra Parisdə təkrarlanıb. Əvvəlcə cüdoda çəki dərəcələrinə görə bölünmə olmayıb və hər iki dünya çempionatında yaponlar qalib gəliblər. Lakin 1961-ci ildə keçirilən dünya birinciliyində hollandiyalı Anton Hessinkin çempion olması yaponların şöhrətinə ilk zərbə endirib və bu, onları məcbur edib ki, yarışlarda çəki dərəcələri sistemini tədbiq etsinlər. Qadınlar arasında ilk dünya çempionatı 1980-ci ildə keçirilib və qadın cüdoçular 1992-ci ildən etibarən Olimpiya Oyunlarında iştirak edirlər.
Mayası döyüş olsa da, qayəsi insanın özünüinkişafı və rəqibini alçaltmadan mübarizə aparmaq olduğundan, bu keyfiyyətlər cüdonu Olimpiya səviyyəsinə yüksəldib. Belə ki, 1964-cü ildə Yay Olimpiya oyunlarına ev sahibliyi edən yaponlar cüdonun Olimpiada proqramına salınmasına nail olublar. Doğrudur, 1968-ci ildə cüdo olimpiya proqramında yer almasa da, 1972-ci il Münhen Oyunlarından başlayaraq, cüdo olimpiya idman növü olaraq, öz triumfunu davam etdirir və azarkeşlərə zövqlü, həyəcan dolu anlar bəxş edir.
Beynəlxalq Cüdo Federasiyasında 207 ölkə təmsil olunur. Təkcə Yaponiyada 10 milyona yaxın, dünyada isə 30 milyondan artıq insan cüdo ilə aktiv məşğul olur.