ÖZÜNÜİDARƏ


Bu, bir çox insanın və cüdoçunun ən çox bildiyi bir anlayışdır. Yaxşı, bəs praktikada özünüidarə nə deməkdir? Qəzəbimizi necə susdura bilərik? Bir sözlə, özünüidarə çoxlaylı, təbəqəli məfhumdur. Özünənəzarət bacarıqlarımızı avtomatikləşdirmək üçün davamlı məşqlər etməliyik ki, çətin şəraitə düşəndə düşünmədən onu həyata keçirə bilək. Cüdo bunu əla öyrədir! Cüdonun əxlaq kodeksi anlayışı, o cümlədən özünəidarə və özünənəzarət, konkret məqsədlərə nail olmaq üçün insan davranışını maksimal tənzimləmək imkanı verir. 

Özünüidarəsi zəif insanlar riskli, impulsiv və başqalarına qarşı laqeyd olurlar. Onlar bəzən öz ehtiraslarının kor-koranə təsirinə boyun əyirlər. Cüdo bir çox digər idman növləri kimi özünüidarəetmək bacarığını təkmilləşdirməklə, insana impulslarını, duyğularını və davranışlarını ram etməyi öyrədir. Bunlarsız biz qəfəslərdəki şirlər, ekipajsız kapitanlar, okeanın ucsuz-bucaqsız əngəlliklərində itmiş Robinzonlar, yaxud instinktlərinə tabe olan qaniçən heyvanlar olardıq. Tələsik və düşünmədən reaksiya verməmək qabiliyyətimizi cilalamaq gündəlik həyatımızda çox vacibdir. Məhz bu hallarda biz qəzəb, zorakılıq kimi sosial repressiyaya məruz qalan davranışlar sərgiləməkdən uzaq dura bilərik. 

Tənqidlə üzləşməkdə çətinlik çəkirik? Uğursuzluqdan və rədd edilməkdən qorxuruq? Məhz ən dərin hisslərimizi sınamaqla, nəticədə nəzarətimizi itirməyimizə səbəb olan səbəbləri kəşf edəcəyik. Davranışımızın əsl səbəblərini nəzərdən qaçırmamaq üçün zəif tərəflərimizin fərqində olmalıyıq. Tətikləyiciləri müsbət meylə çevirmək üçün onlara diqqət yetirəcəyik. Bizi sabitlikdən çıxarmağa hədəflənən vəziyyətlər həmişə olacaq. Qısqanc, paxıl, psixoloji olaraq, qeyri-sağlam insanlar var və olacaq da. Bu vəziyyəti dəyişdirə bilməsək də, bunlara əhəmiyyət verməmək öz əlimizdədir. Duyğularımızı idarə etməyi biz cüdo ilə məşq etməklə öyrənirik. Bizi hərəkətə gətirənləri “basdırmağı” yox, əksinə, emosiyaların davranışımıza diqtə etməsinə mane olmağın, bizi “işğal etməsinə” imkan verməməyin fəndlərinə hakim oluruq.