HÖRMƏT


Hörmət anlayışı cüdo fəlsəfəsinin əsasını təşkil edir. İstənilən cüdoçu tatamiyə çıxdığı ilk gündən bunu bilir və qarşısındakına hörmətini tərəddüdsüz şəkildə təzimlə ifadə edir. Hörmət təbiətə, flora və faunaya, ətrafındakı ortama, əşyalara, hərəkətlərə belə münasibətdə müqəddəs ölçü sayılmalıdır. Cüdoçu üçün məşq məkanına hörmətlə yanaşmaq, onu təmiz vəziyyətdə saxlamaq anayasadır. Məşqçinin tövsiyələrinə hörmət etmək-şəksiz zəruridir. Tərəfdaşlarımıza, daha sonra isə yarışdakı rəqiblərimizə hörmət etməliyik. Bu müqəddəs hörmət prinsipləri olmasaydı, bəlkə də cüdo bu qədər yaşamazdı və populyar olmazdı. Cüdodan kənarda da həyat yoldaşınıza, uşaqlarınıza, valideynlərinizə, həmkarlarınıza, dostlarınıza hörmət etmək çox vacibdir. Hörmət özünəhörmətdən başlayır. Özünüzə hörmət etməsəniz, vücudunuza və ağlınıza zəruri qayğı göstərməsəniz, bir gün özünüzü boş tataminin ortasında yalnız görəcəksiniz. 

Hörmətin kökündə qəbul etmək durur: istər başqasını, istərsə də özünü! Bəzən hörmətin bir az artıq olması belə yanlış anlaşıla bilər. Orta əsrlərdə müqəddəs kitablara hörmət bəhanəsi ilə inkvizisiya fərqli düşünənlərin hamısını təqib və edam edirdi. Halbuki hörmət nə doqmalardan, nə də dindən asılı olmamalıdır. Başqasına hörmət zamanı heç bir ayrı-seçkiliyə yol vermədən onların dəyərlərinə və fərqliliklərinə də hörmət etməliyik. 

Cüdoda bu hörmətin göstəricilərindən biri də məhz təzimdir. Bu, heç vaxt yox olmamalıdır, əks halda biz cüdoçu ruhumuzu itirəcəyik. Ciqaro Kano deyirdi: “Baş əymək minnətdarlıq və hörmətin ifadəsidir. Sən əslində, bu texnikanı təkmilləşdirmək imkanı verdiyi üçün rəqibinə təşəkkür edirsən”. Demək tatami üzərində - məhdud bir ərazidə göstərdiyimiz bu jest planetimizdə cəmiyyətlərin inkişafı, insanlararası münasibətlərin canlanması deməkdir. Hörmət ideyasını yaşlılara, həyatdan köçmüşlərə, zəiflərə, insan ləyaqətinə və təbiətə münasibətdə qorumaq, göstərmək və cəmiyyətə yaymaq hər birimizdən asılıdır.