ŞƏRƏF


Şərəf latınca "honos, honoris" sözündəndir. Şərəf həm mənəvi, həm sosioloji, həm də mədəni anlayışdır. Bir ölkə, təşkilat, qurum insanın qazandığı böyük işlərə görə əhəmiyyətini “şərəflə təltif etmək”lə vurğulayır. Yaxud məktəbdə uşaqlarımız öz adlarını fəxri adlar siyahısında görəndə şərəf hissi duyurlar. Şərəf istər fərdi, istərsə də kollektiv olsun, istər peşə ortamında, istər ailədə, istər ictimai həyatda, istər məktəbdə, istərsə də idmanda ifadə olunsun, əsas mənəvi dəyərləri özündə ehtiva edir. dürüstlük, hörmət, cəsarət, özünü idarə etmə! Bunlar isə cüdo ictimaiyyəti üçün əziz və vazkeçilməz olan dəyərlərdir.

Cüdoda şərəf rəqibini aşağılamaq deyil, əksinə, ona layiq olduğu bütün hörməti vermək deməkdir. Cüdoda başqalarına hörmət olmadan şərəf ola bilməz. Cüdoçular dinc mübarizə aparmaqla, aralarındakı fərqlərə hörmətlə yanaşmaqla, üstünlüklərini heç bir şəkildə üzə çırpmamaq şərtilə tatami üzərinə çıxırlar.

Belə ki, idmanda və xüsusən də cüdoda şərəf qaydalara, hakimlərin və rəqibin qərarlarına hörmətlə yanaşaraq, bacarıqlarını sonuna qədər göstərmək, bacarmadıqlarının üzərindən ləyaqətlə aşmağı öyrənməkdir. Şərəf nəcib hissdir və bizi yuxarıya çəkməli, fəzilət və ləyaqətə bağlanmalıdır. Sofokl demişkən: “Mən aldatmaqla qalib gəlməkdənsə, şərəflə uğursuzluğa düçar olmağı üstün tuturam”. Tatamidə məşq edərkən, yarışarkən daim xatırlamalıyıq ki, “Bütün böyük şeylər sadədir və belə ifadə olunur: azadlıq, ədalət, şərəf, vəzifə, mərhəmət, ümid”(Uinston Çörçill).